F-Holding MMC-nin Baş direktoru Kənan Sadıqov İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirak edib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəvəti ilə F-Holding MMC-nin Baş direktoru Kənan Sadıqov İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirak edib.

16–19 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçirilən toplantılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi olaraq açıq elan olunub. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunan beynəlxalq tədbirdə İslam İnkişaf Bankının 57 üzv ölkəsindən hökumət nümayəndələri, beynəlxalq maliyyə institutları, investorlar, biznes liderləri, inkişaf tərəfdaşları və özəl sektorun nümayəndələri iştirak ediblər.

Toplantılar çərçivəsində regional iqtisadi inteqrasiyanın gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, dayanıqlı iqtisadi inkişafın təşviqi, yaşıl iqtisadiyyata keçid, innovativ maliyyə mexanizmləri və özəl sektorun iqtisadi inkişafda rolunun artırılması istiqamətində geniş müzakirələr aparılıb.

Tədbir iştirakçıları beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın dərinləşdirilməsi, dövlət və özəl sektor arasında tərəfdaşlığın genişləndirilməsi, infrastruktur layihələrinin maliyyələşdirilməsi, rəqəmsal transformasiya, innovasiya və sahibkarlığın inkişafı istiqamətində yeni imkanları qiymətləndiriblər.

Kənan Sadıqov tədbir çərçivəsində müxtəlif ölkələrin dövlət və biznes nümayəndələri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq, investisiya layihələri və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb. O bildirib ki, bu cür beynəlxalq platformalar Azərbaycanın investisiya potensialının tanıdılması, yeni biznes əlaqələrinin qurulması və özəl sektorun beynəlxalq əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Scroll to Top