Göygöl rayonunda keçirilən, 2026–2030-cu illər üzrə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirədə F-Holding MMC-nin təsisçisi Fərid Mustafayev iştirak edib.
Regional müşavirə çərçivəsində aqrar sektorun dayanıqlı inkişafı, kənd təsərrüfatı və emal sənayesinin müasir tələblərə uyğunlaşdırılması, investisiya imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllərin aqrar sahəyə inteqrasiyası, eləcə də dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.
Tədbirdə kənd təsərrüfatı məhsullarının istehsal səmərəliliyinin artırılması, ixrac potensialının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri, fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha effektiv istifadə etməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub.
Çıxışı zamanı Fərid Mustafayev Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sektoruna göstərdiyi ardıcıl diqqət və dəstəyə görə minnətdarlığını ifadə edərək bildirib ki, qəbul olunacaq Dövlət Proqramı aqrar sahənin daha da inkişaf etməsinə, müasir texnologiyaların tətbiqinin sürətlənməsinə, kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişlənməsinə və ölkənin investisiya cəlbediciliyinin artırılmasına mühüm töhfə verəcək.
O, həmçinin vurğulayıb ki, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanın aqrar sektorunun rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq.

