20 iyul 2023-cü il tarixində “F-Holding” MMC-nin direktoru Fərid Mustafayev, icraçı direktoru Kənan Sadıqov, şirkətin beynəlxalq partnyoru — İspaniya Krallığının “Duro Felguera” S.L şirkətinin icraçı direktoru Xuan Xorxe və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov arasında mühüm görüş keçirilmişdir. Görüş zamanı Agentliyin sədri ilə gələcək əməkdaşlıq layihələri, xüsusilə mineral xammal ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması istiqamətində atılacaq addımlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Xammal ehtiyatlarının dünya birjasına çıxarılması üçün müasir beynəlxalq standartlara cavab verən infrastrukturun qurulması məqsədilə investisiyaların cəlb edilməsi görüşün əsas prioritet istiqamətlərindən biri olmuşdur. “F-Holding” MMC-nin direktoru Fərid Mustafayev şirkətin bu sahədə fəal əməkdaşlıq etməyə və əlavə investisiyaların cəlb olunması üçün səylə çalışmağa hazır olduğunu xüsusi vurğulamışdır. Görüş gələcəkdə iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilmişdir.

